Adım Türk, atam Türk, Türklük servetim! Soyum Türk, töremTürk, Türklük ebedi!

Araz Atacan

İdman Azərbaycan Televiziya Kanalı Haqqında

«İdman Azərbaycan» ölkə idmanını dünyaya tanıdan kanaldır

   Müstəqil Azərbaycanın sosial-iqsitadi inkişafı digər sahələrin də inkişafına ciddi zəmin yaratdı. Xüsusən də, Azərbaycan dövlətinin, ölkə başçısı İlham Əliyevin həyatın bütün sahələrinin inkişafı üçün məqsədyönlü siyasət yeritməsi Azərbaycanın hazırda dünyanın inkişaf etmiş ölkələri arasında özünə layiqli yer tapmasına şərait yaradıb. Təbii ki, Azərbaycanda mövcud olan mövcud siyasi vəziyyət, stabillik, iqtisadi artım inkişafı zəruri edən amillərdəndir. Uzun illərdən bəri sübut olunmuş bir məfhum var – İdman və bədən tərbiyəsi hər bir ölkənin beynəlxalq aləmdə tanınması, nəslin sağlam inkişafı üçün önəmli vasitələrdən biridir. Məhz bu səbəbdən də Azərbaycan dövləti idmanın, xüsusilə də olimpiya hərəkatının inkişafına xüsusi diqqət yetirir. Azərbaycan prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin bu sahəni sevməsi, idmançıların qayğı və problemləri ilə yaxından maraqlanması ölkədə idmanın kütləviləşməsinə, gənc nəslin bu sahəyə sürətli axınına şərait yaradıb. Təbii ki, bunun üçün Azərbaycanda lazımı maddi-texniki baza da yaradılıb. Çünki ölkəmizdə xüsusilə son 10 ildə tikilən olimpiya idman kompleksləri, təlim-məşq bazaları məhz gənc və usta idmançılara, idmanın inkişafına xidmət edir. Azərbaycanın idman sahəsində qazandığı nailiyyətlər, dünya və Avropa çempionatlarında idmançılarımızın qazandığı medallar və mükafatlar ölkəmizin beynəlxalq idman təşkilatlarında da mövqeyinin xeyli güclənməsinə səbəb olub və Azərbaycanı dünyaya əsl idman ölkəsi kimi tanıdıb. Məhz bu səbəbdən də beynəlxalq idman ictimaiyyəti, idman federasiyaları həvəslə ən mötəbər yarışları ölkəmizə həvalə edir, Bakı və eləcə də digər şəhərlərimiz bu yarışları yüksək səviyyədə təşkil edərək Azərbaycanın bu sahədə dünya liderləri sırasında olduğunu göstərirlər.

   Təbii ki, İDMAN SAHƏSİNDƏ əldə olunan bu uğurlu nəticələr bu sahə ilə məşğul olan spesifik bir televiziya kanalının yaradılmasını zəruri edirdi. Məhz bu zərurətdən 2009-cu il fevralın 1-də İdman Azərbaycan kanalı rəsmən fəaliyyətə başladı. Ölkə prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü ilə yaradılan kanal televiziya sahəsində böyük təcrübəyə malik Azərbaycan Televiziya və Radio verilişləri QSC-nin nəzdində yaradıldı. Bununla bağlı Teleradio Şurasının keçirdiyi tenderdə qalib gələn Azərbaycan Televiziyası tez bir zamanda kanalın formalaşdırılmasına başladı. Yayımın yüksək səviyyədə təşkil olunması üçün telekanalın daxilində olan peşəkar kadrlardan istifadə olunmaqla yanaşı, kənardan da yeni mütəxəssislər işə cəlb olundu. Beləliklə gənc və enerjili bir kollektivlə fəaliyyətə başlayan İdman Azərbaycan qısa bir zamanda Azərbaycan idmanının güzgüsünə çevrildi. Bu müddət ərzində həm Avropanın aparıcı ölkələrinin futbol çempionatlarının, eyni zamanda müxtəlif idman növləri üzrə beynəlxalq yarışları efirdə yayımlanması üçün müqavilələr imzalandı. Təsadüfi deyil ki, bu gün adi idman azarkeşi İdman Azərbaycanda müxtəlif idman növləri üzrə hər zövqə uyğun yarışı izləyə bilər. Futbol üzrə, İspaniya, İngiltərə və Almaniya çempionatlarının oyunları, Amerika Milli Basketbol Assosiasiyasının qarşılaşmaları, voleybol üzrə çempionlar liqası, güləş, cüdo, boks üzrə dünya, avropa çempionatları və digər beynəlxalq yarışlar, heç bir maddi vəsait ödəmədən, şifrəsiz tamaşaçılara təqdim edilir ki, belə bir tendensiya nəinki MDB-də hətta dünyanın heç bir ölkəsində müşahidə olunmur. Çünki hazırda televiziya, xüsusilə də idman oyunlarının teleyayımı əsasən kommersiya xarakteri daşıyır və bir çox ölkələrdə həmin yarışları məhz müəyyən məbləğdə pul ödəməklə izləmək mümkündür. Azərbaycanda isə belə nüfuzlu yarışların şifrəsiz və təmənnasız göstərilməsi məhz ölkəmizdə dövlət səviyyəsində idmana və olimpiya hərəkatının inkişafına göstərilən diqqət və qayğının nümunəsidir.

   Şübhəsiz ki, telekanalın əsas prioriteti Azərbaycan idmanıdır. Bu baxımdan da İdman Azərbaycan kanalı ilk növbədə ölkə idmançılarının iştirakı ilə keçirilən yarışlardan həm canlı yayımlar təşkil edir, həm də bu nüfuzlu turnirlərlə bağlı xüsusi verilişlər hazırlayır. Üstəlik, son illər Azərbaycanın ard-arda nüfuzlu beynəlxalq yarışlara təşkilatçılıq etməsi kanalın məsuliyyətini birə-beş artırıb. Təsadüfi deyil ki, yarandığı gündən bəri telekanal güləş üzrə Qızıl qran-pri turnirini, Cüdo üzrə qran-pri turnirini, qılıncoynatma üzrə gənclər və yeniyetmələr arasında dünya çempionatını, taekvando üzrə Avropa kubokunu, Kikboksinq üzrə Avropa çempionatını, otüstü xokkey üzrə beynəlxalq turnirləri, boks üzrə dünya seriyasını və digər mötəbər yarışları canlı yayımlarla işıqlandırıb.

   İdman Azərbaycan telekanalı həm də Azərbaycan futbolunun geniş təbliğatçısıdır. Bu mənada futbolla bağlı layihələrldə ölkə prezidenti İlham Əliyevin 2005-2015-ci illərdə futbolun inkişafı ilə bağlı təsdiq etdiyi dövlət proqramını əsas götürən telekanal futbol üzrə Azərbaycan çempionatında bir çox klubların oyunlarını, həmçinin Milli komandamızın qarşılaşmalarını canlı yayımlayır.

   Telekanalın həftəlik proqramında rəngarəng və müxtəlif mövzuda olan verilişlərə də geniş yer ayrılıb. Hazırda hər gün 3 saatdan bir efirə verilən xəbər buraxılışlarından əlavə «İdman həftəsi», «Arena», «Premyer Liqa», «Avrofutbol», «Tay-brek», «İdman ensiklopediyası», «Flaqman», «Güləş Aləmi», «Olimp», «İdman ölkəsi», «İdman sağlamlığın rəhnidir» kimi verilişlər efirə çıxır. Əlavə olaraq tamaşaçılar həftəlik boks telejurnallarını, «Qoalissimo» adlı futbol jurnalını, Almaniya, İngiltərə və İspaniya çempionatlarının icmallarını da izləmək imkanı əldə edirlər.

   İdman Azərbaycan kanalı hazırda peyk vasitəsilə dünyanın bir çox ölkələrinə yayımlanır. Yəni istər xaricdə yaşayan həmyerlilərimiz, istərsə də bu ölkələrin əhalisi Azərbaycan idmanı haqqında, ən mötəbər turnirlərdəki uğurlarımızı da məhz adıçəkilən telekanalın efirindən izləməklə, ölkəmizdə bütün sahələrdə olduğu kimi idman sahəsində də gedən inkişafın şahidi olurlar.

   Fəaliyyətində peşəkarlığı, operativliyi və ən əsası daima inkişafı əsas götürən «İdman Azərbaycan» telekanalının kollektivi gələcəkdə də yeni-yeni layihələrlə idmansevərləri sevindirməyə çalışacaq. Bunun üçün əməkdaşlara hər cür şərait yaradılıb. Onlar hazırda ən müasir texniki avadanlıqlardan, müasir studiyalardan, rəqəmsal telekameralardan, ən son texnologiya ilə təchiz olunmuş səyyar televiziya studiyalarından istifadə edirlər. Təbii ki, telekanalın əməkdaşlarının, istər yaradıcı, istər texniki sahədə olsun öz səviyyələrini artırmaları üçün də işlər görülür, efirin həcmi artdıqca buraya yeni işçilər, xüsusilə də gənc və perspektivli kadrlar cəlb olunur.

   Fevralın 1-də İdman Azərbaycan kanalının 2 yaşı tamam oldu. Geridə qalan vaxt ərzində Azərbaycan idmanının təbliğinə xidmət edən, ölkə idmanının və idmançılarının uğurlarını bütün dünyaya çatdıran telekanal Azərbaycanda olimpiya hərəkatının təbliğinə də öz töhvəsini verməkdədir. Təbii ki, bundan sonra da İdman Azərbaycan bu prinsiplərə sadiq qalacaq.  

banner nijniy
+ گؤنده ریلیب  دوشنبه 21 مرداد 1392ساعت 12:28 یازار Araz Atacan  |  1باخیش